05.11.2021
05.11.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 9 Noyabr Dövlət Bayrağı Günü münasibəti ilə “Bayrağımız qürur mənbəyimizdir” adlı şeir saatı keçirib
Görüş MKS-nin Uşaq şöbəsi və Samux rayon 6 saylı uşaq bağçası ilə birgə keçirildi.
Görüşü Uşaq şöbəsinin müdiri Venera Məmmədova açaraq iştirakçıları salamladı və Bayraq günü münasibəti ilə bütün Azərbaycan xalqını, müəllim kollektivini və balaca fidanları təbrik etdi.
Çıxışında zamanın ağır sınaqlarından çıxmış bayrağımızın tarixindən söz açdı. Üçrəngli bayrağın rəmzləri, rəngləri, keçdiyi keşməkeşli, şərəfli yoldan danışaraq bildirdi ki, bayrağımız şərəfimiz, adımız və yurdumuza, torpaqlarımıza sahibliyimizin rəmzidir.
Qeyd etdi ki, Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.
Bağçanın direktoru Gülmira Nəbiyeva çıxış edərək bildirdi ki, Azərbaycan öz müstəqilliyini asanlıqla əldə etməyib, bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Hər bir Azərbaycan vətəndaşı üçün bayraq qürur mənbəyidir. Bayraq insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradır, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə edilməsinə xidmət edir.
Balacaların çıxışları milliliyimizə, ənənələrimizə bağlılığımızı bir daha xatırlatdı.